Makron: “G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir”- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, "G7" (Yeddilik Qrupu) ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istiqamətində işləməlidirlər. Olaylar.az xəbər verir ki, o, bu fikrini Kanadada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlayıb.
"Əgər biz doğrudan da sülhə doğru irəliləmək istəyiriksə, qərarlılığımızı və sanksiyalar məsələsində daha da irəli getmək qabiliyyətimizi göstərməliyik", - deyə Fransa lideri vurğulayıb.
Makronun sözlərinə görə, Avropa və ABŞ tərəfindən tətbiq olunacaq yeni sanksiyalar vəziyyəti köklü şəkildə dəyişə bilər: "Rusiyanın iqtisadi müqavimət göstərmək imkanları ciddi şəkildə sual altına düşəcək. Eyni zamanda, bu gün Rusiyaya dolayısı ilə fayda verən və ya maliyyə transferləri vasitəsilə onun hərbi səylərini dəstəkləyən tərəfdaşlar da daha sərt məhdudiyyətlərlə üzləşəcək".
Fransa prezidenti əlavə edib ki, yeni sanksiyalar Rusiyanı danışıqlar masasına qayıtmağa məcbur edə bilər.
Makron həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin siyasi həlli üçün danışıqlar prosesində ərazi və təhlükəsizlik məsələlərində qarşılıqlı güzəştlər nəzərdə tutulmalıdır: "Atəşkəs, bütün tərəflərin dialoqa qayıtması və Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, amerikalılar və avropalıların bir masa arxasında toplaşaraq sülhə aparan yolu müəyyən etməsi vacibdir".
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının yeni sanksiyalarla hədələməsini şərh edərkən bildirmişdi ki, ultimatium dili Rusiya ilə dialoq üçün yolverilməzdir.
Bundan əlavə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iyunun 14-də verdiyi açıqlamada bildirmişdi ki, Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Rusiyanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31