"İran ABŞ-a etibar etmir" - Xarici işlər naziri Əraqçidən Natanza hücumu ilə bağlı bəyanat

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın son günlərdə İranın nüvə obyektlərinə edilən hücumlarla əlaqədar verdiyi bəyanatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tehranda xarici ölkə səfirləri ilə görüşdə çıxış edən nazir ABŞ-ın bu məsələdəki "müdaxilə etməmişik" iddiasını qəbul etmədiklərini açıq şəkildə bildirib.

"Son iki gün ərzində müxtəlif kanallar vasitəsilə ABŞ-dan bu hücumlarla bağlı heç bir əlaqələrinin olmadığına və gələcəkdə də belə bir addım atmayacaqlarına dair mesajlar almışıq. Amma açıq deyirəm - bu mesajlara inanmırıq. Bizdə əksini sübut edən faktlar var", - deyə Abbas Əraqçi bəyan edib.

Nazir qeyd edib ki, əgər ABŞ həqiqətən də bu hücumlarda iştirak etməyibsə və gələcəkdə də belə bir niyyəti yoxdursa, bu mövqeyini yalnız qapalı kanallarla deyil, açıq və ictimai şəkildə bildirməlidir:

"Şəxsi mesaj kifayət deyil. ABŞ hökuməti bu hücumu rəsmi şəkildə pisləməli və beynəlxalq ictimaiyyət qarşısında mövqeyini ortaya qoymalıdır. Bu, beynəlxalq hüquq baxımından tələb olunur. Əgər ABŞ nüvə silahı ilə bağlı sülh yönlü niyyətlərini göstərmək istəyirsə, Natanza hücumu kimi aktlara qarşı açıq mövqe sərgiləməlidir."

Əraqçı həmçinin beynəlxalq ictimaiyyəti də səssiz qalmamağa çağırıb:

"Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələyə kifayət qədər diqqət ayıracaq və İsrailin cinayətkar təcavüzkar siyasətinə qarşı birgə mövqe ortaya qoyacaq. Beynəlxalq hüququn bütün prinsiplərini pozan bu hərəkətlərə qarşı mübarizə aparılmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31