Hindistanda təyyarə qəzası: Xeyli ölən var - YENİLƏNİB

Təyyarədə ümumilikdə 242 nəfər olub. Onlardan 11-i uşaq idi.

***

14.27

Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.

Qəza nəticəsində ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Boeing 787 Dreamliner" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub.

NDTV telekanalı qəzada sağ qalanların olduğunu bildirir.

***

13.46

Hindistanda baş vermiş təyyarə qəzası nəticəsində 30 nəfərin həlak olduğu bildirilir.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "News18" telekanalı yayıb.

Məlumata görə, ölkənin Baş naziri Narendra Modi, hadisənin təfərrüatları ilə tanış olmaq məqsədilə mülki aviasiya xidmətinin rəhbəri ilə xüsusi görüş keçirib.

Qəzanın səbəbləri və digər detallarla bağlı araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumatın verilməsi gözlənilir.

***

13.19

Hindistanın Qucarat ştatında, Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğradığı bildirilir.

Olaylar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəza "Air India" aviaşirkətinə məxsus, Londona istiqamətlənən reys zamanı baş verib. Təyyarənin göyərtəsində 242 nəfər olub.

İlkin məlumatlara əsasən, hadisə təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra qeydə alınıb.

Hazırda qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.

***

13:02

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

Hadisə iyunun 12-də səhər saatlarında baş verib. Əhmədabaddan Londona uçan "Air India" hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar adlı ərazidə yerə çırpılıb.

Yerli KİV-lər və şahidlər hadisə yerindən qalxan sıx qara tüstü barədə məlumat veriblər.

Təyyarədə təxminən 130-133 nəfərin olduğu bildirilir. Xilasedicilər, yanğınsöndürənlər və polis dərhal hadisə yerinə cəlb olunub. Ərazi təhlükəsizlik səbəbilə mühasirəyə alınıb. Hazırda ölən və ya sağ qalanların sayı ilə bağlı rəsmi məlumat verilməyib.

İstintaq davam edir və qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31