ABŞ USAID-in xarici nümayəndəliklərini bağlayır: Yeni fond yaradılsa da, yardım strategiyası dəyişir- ÖZƏL
11 İyun 14:09 DünyaABŞ administrasiyası 30 sentyabra qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xaricdəki bütün nümayəndəliklərini bağlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə The Guardian qəzeti ABŞ Dövlət Departamentinin ixtiyarında olan sənədə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq heyətinin ləğv edilməsini əmr edib. Bundan sonra xarici yardımla bağlı proqramlara birbaşa ABŞ Dövlət Departamenti nəzarət edəcək. Bu direktiv 100-dən çox ölkədə fəaliyyət göstərən yüzlərlə USAID əməkdaşını - diplomatik xidmət üzvləri, podratçılar və yerli personalı əhatə edir.
Əvvəllər bildirilmişdi ki, USAID-in buraxdığı boşluğu Avropa İttifaqı doldurmağı planlaşdırır və "demokratiyanın təşviqi" kimi layihələrə fokuslanacaq.
3 fevral tarixində ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırmışdı. Bu agentlik beynəlxalq təşkilatların maliyyələşdirilməsində əhəmiyyətli rol oynayırdı. 10 martda USAID-in müvəqqəti rəhbəri təyin edilən Marko Rubio bildirib ki, aparılan yoxlamalar nəticəsində agentliyin proqramlarının 83 faizi ləğv olunub.
USAID-in əvəzində ABŞ Dövlət Departamenti 2,9 milyard dollarlıq büdcəyə malik A1OF adlı xüsusi fond yaradacaq. Rubio-nun sözlərinə görə, bu fond böhranlara operativ reaksiya verəcək, Hindistan və İordaniya kimi mühüm tərəfdaşlarla əməkdaşlığı gücləndirəcək, repatriasiya səylərinə dəstək göstərəcək və Çin kimi strateji rəqiblərdən qaynaqlanan təhdidlərin qarşısını almağa çalışacaq.