Makrondan yeni qərar: 15 yaşa qədər uşaqlara qadağa…

Fransa Prezidenti Emmanuel Makron 15 yaşına çatmamış uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan olunmasının vacibliyini bildirib. 

Olaylar.az xəbər verir ki, o bu barədə "France 2" telekanalına verdiyi müsahibədə danışıb.

Makron platformaların istifadəçilərin yaşını üz tanıma və identifikasiya sistemləri ilə yoxlaya biləcəyini vurğulayaraq bu təşəbbüsün reallaşdırılmasının mümkün olduğunu qeyd edib.

"15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə çıxış qadağan olunmalıdır. Bunu edə bilərik, çünki bu platformaların yaş yoxlama texnologiyaları var. Üstəlik, Fransada hər bir şagirdin fərdi nömrəsinin olduğu xüsusi məlumat bazası mövcuddur və bu, yaşın müəyyənləşdirilməsi üçün istifadə oluna bilər", - deyə Makron bildirib.

Prezident onu da əlavə edib ki, aqressiv davranış nümayiş etdirən uşaqların əksəriyyəti natamam ailələrdə böyüyür və lazımi tərbiyəni ala bilmirlər.

Makron məsələni Avropa səviyyəsində gündəmə gətirmək niyyətində olduğunu açıqlayıb: "Əgər bu mümkün olmasa, biz bu addımı təkbaşına, Fransada atacağıq. Artıq gözləməyə yer yoxdur".

Makron bu bəyanatı ölkənin şimal-şərqində yerləşən Nojen kommunasında baş vermiş dəhşətli hadisəni şərh edərkən verib. Belə ki, 14 yaşlı yeniyetmə məktəbdə çantasının yoxlanması zamanı üzərində soyuq silah aşkarlandıqda həmin bıçaqla məktəb əməkdaşına hücum edərək onu qətlə yetirib. Hücumun motivi hələlik bəlli deyil. Polis hadisədən dərhal sonra onu saxlayıb.

Bundan əlavə, Fransa hökuməti bıçaqla törədilən hücumların qarşısını almaq məqsədilə yetkinlik yaşına çatmayanlara bıçaq satışını qadağan etmək niyyətindədir. Qadağa ilk növbədə onlayn platformalarda bu cür məhsulların satışına şamil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31