Kəşfiyyat məlumatı sızdı: Rusiya Avropanı belə işğal edəcək
11 İyun 10:03 DünyaAlmaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri vəzifəsini tərk edən Bruno Kal bildirib ki, Rusiya Ukraynanı NATO ölkələrinə hücum yolunda aralıq mərhələ kimi görür.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, Kal bu barədə "Table.Today" podkastında danışıb.
"Biz tamamilə əminik və kəşfiyyat sübutlarımız var ki, Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır", - o, deyib.
Kalın sözlərinə görə, Kremldə NATO-nun üzvlərindən birinə hücum olacağı təqdirdə təşkilatın reaksiya verəcəyinə inanmayanlar var.
"Onlar artıq NATO-nun 5-ci maddəsinin işlədiyinə inanmırlar. Və bunu sınaqdan keçirmək istərdilər. Onlar NATO-nu 1990-cı illərin sonunda olduğu vəziyyətə qaytarmaq istəyirlər. Onlar Amerikanı Avropadan qovmaq istəyirlər və buna nail olmaq üçün lazım olan hər vasitədən istifadə edəcəklər", - Almaniya kəşfiyyatının rəhbəri əlavə edib.
Kal hesab edir ki, Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Baltikyanı ölkələri təxribata çəkə bilər. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə də məhz belə olub. Eyni zamanda, Kal əmindir ki, indi Moskva ilə danışıqlar mənasızdır.
"Müharibənin qarşısının alınması ən az qanlı üsuldur. Putinin bu problemin həllinə aqressiv yanaşması ilə bağlı fikrini dəyişməsinə dair heç bir əlamət yoxdur", - o yekunlaşdırıb.