Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlayır
10 İyun 18:34 DünyaG7 (Böyük Yeddilər) ölkələrinin zirvə toplantısı ərəfəsində Avropa İttifaqı Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini qəbul etməyə hazırlaşır.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, yeni təkliflərdə Rusiyanın enerji daşıyıcılarına qarşı məhdudlaşdırıcı ölçülər, o cümlədən Rusiya neftinin qiymət tavanına yenidən baxılması nəzərdən keçirilir.
Məlumata görə, sanksiyalar Avropa biznesinə "Şimal Axınları" ilə bağlı hər hansı əməliyyatlara qadağa, qiymət tavanına riayət etməyərək neft daşıyan 77 tankerinin qara siyahıya salınması, Rusiya nefti üçün qiymət tavanının 60 dollardan 45 dollara endirilməsi, daha 22 bankın qara siyahıya salınaraq Aİ ilə maliyyə əməliyyatlarına tam qadağa qoyulması, həmçinin Rusiyaya ikili təyinatlı məhsulların və texnologiyaların ixracına yeni məhdudiyyətlərin tətbiqini əhatə edəcək.
"Biz Rusiyaya təzyiqi artırmaq üçün yeni güclü sanksiyalar tətbiq edəcəyik. 18-ci paket çərçivəsində məhdudiyyətlər əsasən neft və bank sektorlarına təsir edəcək" - deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.