Qazaxıstan turizmində yenilik: turistlərə pulsuz sim-kart və yerli şokolad veriləcək- ÖZƏL
10 İyun 12:09 DünyaOlaylar.az xəbər verir ki, Qazaxıstan Turizm və İdman Nazirliyi ölkəyə gələn xarici turistlərə pulsuz sim-kart və yerli istehsal olan şokolad paylamağı təklif edib. Nazir Erbol Mırzabosınovun sözlərinə görə, belə təşəbbüslər ölkənin qonaqpərvərliyini simvollaşdırır. Gürcüstanda turistlərə şərab təqdim edilirsə, Qazaxıstanda bu, şokolad olacaq.
Mırzabosınov əlavə edib ki, turistlərə pulsuz sim-kart verilməsi onların ölkəyə gələn andan internet və rabitəyə çıxışını təmin edəcək. Artıq Almatıda bu təşəbbüs çərçivəsində şokolad paylanmasına başlanılıb. Nazir hansı şokoladın seçiləcəyi barədə konkret məlumat verməsə də, ölkə bayrağı rəngləri ilə bəzədilmiş "Qazaxıstan" şokoladının turistlər arasında çox məşhur olduğu vurğulanıb.
Bundan başqa, nazirlik ölkənin böyük şəhərlərində gecə saatlarında ekspress avtobusların aeroportlara hərəkətini təşkil etməyi planlaşdırır. Ötən il Qazaxıstana 15,3 milyon xarici vətəndaş gəlib.
Mırzabosınov turistlərin ölkədə avtomobillə səyahətində qarşılaşdıqları problemlərə də diqqət çəkib. O bildirib ki, bəzən əsassız saxlanmalar və kobud rəftar halları müşahidə olunur ki, bu da ölkənin imicinə mənfi təsir göstərir. Bu səbəbdən avtomobil turistləri üçün xarici dillərdə tərtib edilmiş tövsiyə vərəqələri sərhəd və dəmiryolu keçid məntəqələrində paylanır.
Qazaxıstanın Baş naziri Oljas Bektenov hökumət iclasında ölkəyə gələn turistlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsini tapşırıb. O qeyd edib ki, Qazaxıstan həmişə qonaqpərvərliyi ilə seçilib və bu üstünlüyün qorunması üçün hərtərəfli səylər göstərilməlidir.