Yaponiya Çindən hərbi dəyişikliklərə aydınlıq tələb edir: “Təhlükə yaratmasınlar”- ÖZƏL

Yaponiya, Çin Xalq Respublikasından Sakit okeanda artan hərbi aktivliklər fonunda öz təhlükəsizliyinə təminat istəyib. Olaylar.az xəbər verir ki, by barədə ölkənin müdafiə naziri Gen Nakatani mətbuat konfransında açıqlama verib.
Nazirin sözlərinə görə, Yaponiya hökuməti Çin tərəfinə iki Çin aviadaşıyıcısının Yaponiya adalarına yaxın ərazilərdə görünməsindən narahatlığını diplomatik kanallar vasitəsilə çatdırıb.
"Bu məsələyə dair müvafiq bəyanatlar verdik. Çin tərəfinə çatdırdıq ki, Çin Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti Yaponiyanın təhlükəsizliyinə təhdid yaratmamalıdır", - deyə Nakatani bildirib.
Yaponiyanın Özünümüdafiə Qüvvələri Çin Hərbi Dəniz Qüvvələrinə məxsus "Şandun" aviadaşıyıcısının rəhbərlik etdiyi qrupun Yaponiyanın ən cənub adası olan Okinotoridə müşahidə edildiyini açıqlayıb. Bundan az əvvəl isə "Lyaonin" aviadaşıyıcısı rəhbərliyində olan başqa bir qrupun Yaponiyanın ən şərq adası Minamitoridə göründüyü bildirilmişdi. Bu, Yaponiyanın rəsmi qeydlərinə görə, ilk dəfədir ki, eyni vaxtda iki Çin aviadaşıyıcı qrupu Sakit okeanda müşahidə olunur.
Tokio həmçinin qeyd edib ki, "Lyaonin" ilk dəfə olaraq "ikinci ada zənciri" adlanan bölgədən kənara çıxıb. Bu xətlər Yaponiyanın İzu adalarından başlayaraq Tokionun cənub-qərbindən keçib, Quam adasına və daha cənuba doğru uzanır.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Lyaonin" aviadaşıyıcısının ekipajı beynəlxalq hüquqa tam şəkildə əməl edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31