Netanyahu İranla bağlı hərbi variantı üstün tutur- ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı yaranmış böhranın həlli üçün hərbi varianta daha çox üstünlük verir. Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampa söz verib ki, Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı danışıqlar davam etdiyi müddətdə İsrail İrana qarşı hərbi əməliyyatlara başlamayacaq. Tramp isə, öz növbəsində, İranı vurmaq istəmədiyini və Tehranla nüvə proqramı ətrafındakı fikir ayrılıqlarını diplomatik yolla həll etməyə ümid etdiyini bildirib.
İran tərəfi isə mümkün hücumlar halında "dəhşətli və ağlasığmaz cavab" veriləcəyi ilə dəfələrlə xəbərdarlıq edib.
Axios portalının məlumatına görə, 8 iyun tarixində Merilend ştatında yerləşən prezidentin Kəm-Deyvid iqamətgahında Tramp İran problemi və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı strateji sessiya keçirib. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, prezidentin xüsusi elçisi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retklif, Milli Kəşfiyyat direktoru Tulsi Qabbard və digər yüksək rütbəli hərbçilər və rəsmilər iştirak ediblər.
Görüş barədə məlumat verən mənbənin sözlərinə görə, Tramp həm İranın nüvə proqramı ətrafında yaranmış böhranı, həm də Qəzzada baş verənləri bir-biri ilə əlaqəli proseslər kimi qiymətləndirir.
Qeyd edək ki, 23 mayda ABŞ və İran arasında nüvə proqramına dair danışıqların beşinci raundu Romada baş tutub. Danışıqlara vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "müəyyən, lakin həlledici olmayan irəliləyiş" əldə olunduğunu bildirib. Altıncı raundun isə 15 iyunda Maskatda keçirilməsi planlaşdırılır.
1 iyunda Ağ Evdən verilən açıqlamada bildirilib ki, prezidentin xüsusi elçisi Uitkoff İran hökumətinə Tehranın nüvə proqramı ilə bağlı "ətraflı və qəbulolunan" təklif təqdim edib. Axiosun məlumatına görə, bu təklif müəyyən müddət ərzində uranın yalnız aşağı səviyyədə zənginləşdirilməsi şərtini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31