Tramp: İran Qəzza ilə bağlı danışıqlarda iştirak edir- ÖZƏL
10 İyun 10:32 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, İran Qəzza zolağında atəşkəsin əldə olunması və girovların dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirak edir. Olaylar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən dəyirmi masa zamanı çıxışı zamanı deyib.
"Hazırda ABŞ, HƏMAS və İsrail arasında Qəzza ilə bağlı genişmiqyaslı danışıqlar aparılır. İran da bu danışıqlara cəlb olunub. Qəzza məsələsində nə baş verəcəyini görəcəyik," - deyə Tramp qeyd edib. Onun çıxışı C-Span telekanalı vasitəsilə yayımlanıb.
Tramp həmçinin bildirib ki, ABŞ-nin əsas məqsədi HƏMAS tərəfindən girov götürülmüş şəxslərin azad olunmasına nail olmaqdır. Lakin o, əlavə təfərrüat verməyib və bu barədə "deyə biləcəyi tək şeyin" bu olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb. Yanvar ayında əldə edilmiş atəşkəs rejimi pozulub və bölgəyə genişmiqyaslı zərbələr endirilib. İsrailin Baş nazirinin Aparatı bunun səbəbini Stiven Uitkoffun vasitəçiliyi ilə aparılan danışıqlarda HƏMAS-ın irəli sürülmüş təklifləri qəbul etməməsi ilə izah edib. İsrailin məqsədinin bütün girovların azad edilməsi olduğu bildirilib. HƏMAS isə baş verənlərin məsuliyyətini İsrailin və ABŞ-nin üzərinə atıb.