Avropa Parlamentinin üzvü: Rusiya silahlanma yarışında maraqlı deyil – ÖZƏL

Avropa Parlamentinin Lüksemburqdan seçilmiş üzvü Fernand Kartheiser Moskvaya səfərindən sonra bildirib ki, Rusiya Avropa ilə silahlanma yarışına girməkdə maraqlı deyil. 

Olaylar.az xəbər verir ki, o, Euractiv-ə verdiyi müsahibədə qeyd edib ki, "Rusiya buna maliyyə və sənaye baxımından qadirdir, lakin bu yolla getmək istəmir".

Kartheiser həmçinin Rusiyanın Ukrayna müharibəsindəki mövqeyini "strateji səbir" kimi xarakterizə edib: "Bu, daha çox insanın ölməsi üçün deyil, Qərbin danışıqlara hazır olmasını gözləmək deməkdir".

O 2024-cü ildə Avropa Parlamentinə seçilmiş, Lüksemburqun sağçı Alternativ Demokratik İslahatlar Partiyasının rəhbəridir və uzun müddətdir Aİ ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasını müdafiə edir.

Kartheiser 25-28 may tarixlərində Rusiya Dövlət Dumasının dəvəti ilə Moskvaya səfər edib. O, burada Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşlər keçirib.

Səfərdən sonra Avropa Parlamentindəki Mühafizəkarlar və İslahatçılar Alyansı (ECR) fraksiyası Kartheiserin fraksiyadan xaric edilməsini gündəmə gətirib. Euractiv-in məlumatına görə, bu qərar yaxın zamanda rəsmiləşə bilər. Kartheiser TASS-a müsahibəsində Brüsseldən gələcək təzyiqlərə hazır olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31