Avropa İttifaqının Müdafiə Nazirlikləri Aİ qanunvericiliyinin dəyişdirilməsini tələb edir- ÖZƏL
4 İyun 2025 13:30 DünyaAvropa İttifaqının (Aİ) 11 ölkəsinin müdafiə nazirləri Brüsseldən Aİ qanunvericiliyində dəyişikliklər etməyi tələb ediblər. Onlar hesab edirlər ki, bu dəyişikliklər Aİ-nin silahlı qüvvələrinin və müdafiə sənayesinin gücləndirilməsi üçün mövcud hüquqi maneələri aradan qaldıra bilər. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.
Nazirlərin fikrincə, "silahlı qüvvələrin və müdafiə qurumlarının operativ hazırlığı, eləcə də müdafiə sənayesinin fəaliyyət göstərməsi üçün hüquqi baryerlərin aradan qaldırılması vacibdir". Onların Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyusa ünvanladıqları məktubda bildirilir ki, bəzi Aİ qanunları ordunun öz vəzifələrini yerinə yetirməsinə birbaşa maneə yaradır.
Hazırda qüvvədə olan Aİ qanunvericiliyinin silahlı qüvvələrin operativ hazırlığının təmin edilməsinə imkan vermədiyi vurğulanır. Məktubda qeyd edilir ki, bu məhdudiyyətlər əsasən, lakin yalnız deyil, satınalmalar, təbiətin qorunması və ətraf mühitin mühafizəsinə dair qanunlarla, daha geniş kontekstdə isə müxtəlif hüquqi aktlardan irəli gələn inzibati yük ilə bağlıdır.
Sənədi Niderland, Almaniya, Belçika, İsveç, Çexiya, Rumıniya, Finlandiya, Danimarka, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin 800 milyard avroluq yenidən silahlanma planını irəli sürüb. Bu plana əsasən, Aİ ölkələri müdafiə üçün 150 milyard avroyadək borc götürə biləcək. Bu vəsaitin bir hissəsi Ukrayna üçün silah istehsalına da yönəldilə bilər. Lakin bəzi ölkələr, o cümlədən Fransa və İtaliya, artıq büdcə kəsiri limitini aşdıqları üçün fiskal nəzarət altındadırlar.