ABŞ Britaniya və Fransanı BMT-də Fələstini tanımaqdan çəkindirdi- ÖZƏL
4 İyun 12:58 DünyaABŞ, BMT-nin 17-20 iyun tarixlərində Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli konfransında Fələstin dövlətinin tanınması ilə bağlı Britaniya və Fransanı xəbərdar edib. Olaylar.az xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşri Britaniyanın Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Fransa konfrans çərçivəsində Fələstin dövlətini birtərəfli şəkildə tanımağa hazırlaşır və Böyük Britaniyanı da eyni addımı atmağa təşviq edir. Fransız KİV-lərinin yazdığına görə, Paris rəsmiləri Britaniya hökumətinin də bu planı dəstəklədiyinə inanır.
"Lakin Vaşinqton özəl danışıqlarda həm Britaniya, həm də Fransanı bu cür birtərəfli tanımanın qəbuledilməz olduğu barədə xəbərdar etməyə başlayıb. Eyni zamanda, ərəb ölkələri isə bu addımın atılmasına çağırırlar", - deyə MEE yazır.
Arap-Britaniya Anlayış Şurasının (Caabu) rəhbəri Kris Doyl bildirib ki, Fransa və Britaniyanın Fələstini tanıması, "fələstinlilərin dövlət qurmaq və gələcək danışıqlarda İsraillə bərabərhüquqlu iştirak etmək hüququnun tanınması" anlamına gələcək. Onun sözlərinə görə, ABŞ-nin etirazları Britaniya hökumətinə Fransadan daha çox təsir göstərə bilər.
Qeyd edək ki, konfrans Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə keçiriləcək və məqsədi İsrail-Fələstin münaqişəsinin iki dövlətli həlli ideyasına beynəlxalq dəstəyi gücləndirməkdir. Fransa prezidenti Emmanuel Makron ötən həftə verdiyi açıqlamada bu forumun Fələstin dövlətinin tanınması və İsrailin bölgədə sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququnun dəstəklənməsi baxımından yeni impuls verəcəyini vurğulamışdı.