Tramp: “Avtopero qalmaqalı ABŞ tarixindəki ən böyük siyasi qalmaqallardan biridir”- ÖZƏL
4 İyun 2025 12:17 DünyaABŞ Donald Tramp, keçmiş prezident Co Baydenin imzasını təqlid edən avtopero (avtomatik imza cihazı) ilə bağlı yaranan qalmaqalı ölkə tarixindəki ən ciddi siyasi hadisələrdən biri adlandırıb. Olaylar.az xəbər verir ki, bu fikrini o, Truth Social platformasında paylaşıb:
"2020-ci il saxtalaşdırılmış prezident seçkilərindən başqa, bu - yəni avtopero - Amerikanın tarixindəki ən böyük siyasi qalmaqaldır!" - deyə Tramp qeyd edib.
Trampın sözlərinə görə, Baydenin prezidentliyinin son günlərində təxminən 2 500 nəfərin, o cümlədən ailə üzvlərinin əfv olunması ilə bağlı imzaladığı sərəncamların hüquqi qüvvəsi yoxdur. Səbəb isə bu sənədlərin Baydenin özü tərəfindən deyil, avtopero vasitəsilə və onun xəbəri olmadan imzalanmasıdır. Tramp Bayden administrasiyasının bəzi vəzifəli şəxslərini dövlətə xəyanətdə ittiham edib və qeyd edib ki, bu sənədlər ABŞ-ə qanunsuz miqrasiyanın artmasına şərait yaradıb.
ABŞ Konqresində verilən məlumata görə, Baydenin əvəzinə sənədləri avtopero ilə imzaladığı iddia edilən dörd Ağ Ev əməkdaşı müəyyən edilib.
3 iyun tarixində ABŞ Ədliyyə Nazirliyinə Baydenin prezidentlik müddətinin son günlərində ailə üzvləri və ölüm hökmü gözləyən 37 məhbusu ömürlük həbs cəzası ilə əvəzləyən sərəncamları ilə bağlı araşdırma aparmaq tapşırılıb. İstintaq Baydenin bu qərarlardan xəbərdar olub-olmamasını və digər şəxslərin onun adından gizli şəkildə avtopero ilə bu sənədləri imzalayıb-imzalamadığını araşdırmalıdır.