Zelenski NATO sammitinə dəvət oluna bilər, lakin işçi görüşlərə qatılmayacaq- ÖZƏL
4 İyun 2025 11:44 DünyaUkrayna Prezidenti Volodimir Zelenskinin iyun ayının sonunda Haaqada keçiriləcək NATO sammitinə dəvət olunması ehtimalı yüksəkdir, lakin o, sammit çərçivəsində keçiriləcək işçi görüşlərdə iştirak etməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə AFP (Agence France-Presse) təşkilat daxilindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Zelenskinin dəvət olunması çox mümkündür", lakin o, "Haaqada planlaşdırılan işçi görüşlərdə iştirak etməyəcək". Agentliyin həmsöhbəti bildirib ki, alyansa üzv olan ölkələrin əksəriyyəti Ukrayna liderinin sammitdə iştirakını dəstəkləsə də, ABŞ Donald Trampı narahat etməmək üçün tədbirə ehtiyatla yanaşırlar. Xüsusilə, Tramp ilə Zelenski arasında "çətin münasibətlərin" olduğu vurğulanıb.
Qeyd edək ki, daha öncə - 15 mayda - Euractiv portalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, bu il Zelenskinin sammitə dəvət olunmaması mümkündür. Bunun səbəbi kimi isə Trampın Rusiya ilə danışıqlar aparmaq cəhdləri və Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmasına qarşı çıxması göstərilmişdi.
Ukrayna nümayəndə heyətinin NATO Parlament Assambleyasındakı rəhbəri Yeqor Çernev 27 mayda bildirmişdi ki, Kiyev tərəfinin sammitə dəvət olunmaqla bağlı müraciətinə NATO Baş katibi Mark Rutte birbaşa cavab verməkdən yayınıb.
Lakin 2 iyun tarixində Zelenski öz Telegram kanalında Ukraynanın NATO sammitinə dəvət olunduğunu bəyan edib.
Xatırladaq ki, sammit 24-25 iyun tarixlərində Haaqada keçiriləcək. Tədbirdə 45-ə yaxın dövlət və hökumət başçısı, xarici işlər və müdafiə nazirləri, ümumilikdə isə 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir.