Böyük Britaniya Ukraynaya 100 min pilotsuz uçuş aparatı göndərəcək- ÖZƏL

Böyük Britaniya Müdafiə Nazirliyi bu il Ukraynaya göndəriləcək pilotsuz uçuş aparatlarının (PUA) sayını 10 dəfə artırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunur ki, ötən il Ukraynaya 10 mindən artıq PUA təhvil verilib, hazırda isə bu sayın 100 minə çatdırılması nəzərdə tutulur.
"Yeni maliyyə ili ərzində Ukraynaya 100 min pilotsuz uçuş aparatının çatdırılması məqsədilə artıq on minlərlə dron təhvil verilib. Bu məqsədlə 470 milyon ABŞ dolları (350 milyon funt sterlinq) məbləğində rekord investisiya ayrılıb. Bu vəsait Böyük Britaniyanın Ukraynaya ümumi hərbi dəstək paketinə daxil olan 4,5 milyard funt sterlinq dəyərində yardımın bir hissəsidir", - deyə nazirliyin məlumatında vurğulanır.
Bəyanat 4 iyun tarixində Brüsseldə keçiriləcək Ukraynaya hərbi yardım üzrə "Ramştayn" formatlı Təmas Qrupunun növbəti görüşü ərəfəsində verilib. Görüşə Böyük Britaniya və Almaniya rəhbərlik edəcək. Tədbirdə Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna hərbçilərinin Britaniyada təlimi üçün əlavə olaraq 247 milyon funt sterlinq ayrılacağını da elan etməyi planlaşdırır. O, həmçinin ilin əvvəlindən bəri Ukraynaya 140 min artilleriya mərmisi göndərildiyini təsdiqləyəcək.
Qeyd edək ki, Rusiya Federasiyasının Böyük Britaniyadakı səfirliyi dəfələrlə bəyan edib ki, London "özgələrinin əli ilə Rusiya ilə aparılan münaqişədə" vəziyyəti gərginləşdirməyi məqsəd kimi seçib və britaniyalı siyasi dairələrin münaqişənin həqiqi səbəblərinə maraq göstərmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31