Yaponiya və ABŞ “Qızıl Günbəz” PRO sistemi üzərində əməkdaşlıq edə bilər- ÖZƏL

Yaponiya hökuməti ABŞ ilə birlikdə "Qızıl Günbəz" adlı yeni raket əleyhinə müdafiə sisteminin yaradılmasında əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi nəşrlərindən biri olan Nikkei qəzeti məlumat yayıb.
Məlumata görə, Yaponiyanın Baş naziri Şigeru İsiba bu məsələni ABŞ Prezidenti Donald Trampla may ayında telefon danışığı zamanı müzakirə edib. Əməkdaşlığın süni intellekt və kvant hesablamaları sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə raketlərin aşkarlanması və izlənməsi üçün avadanlıqların hazırlanması istiqamətində aparılacağı gözlənilir.
Nikkei qeyd edir ki, Yaponiyanın "Qızıl Günbəz" layihəsində iştirakı Tokio üçün ABŞ-lə gömrük tarifləri üzrə danışıqlarda "kozır" rolunu oynaya bilər. Belə əməkdaşlıq, Tokionun Vaşinqtona təhlükəsizlik sahəsində verdiyi töhfəni göstərməsi və müəyyən güzəştlər əldə etməsi baxımından əhəmiyyətlidir.
Qəzetin yazdığına görə, ABŞ-nin raket əleyhinə müdafiə sisteminin gücləndirilməsi Şərqi Asiyada təhlükəsizliyin artmasına töhfə verəcək. Yaponiya da ABŞ kimi təhlükə altındadır. Bu təhlükələr sırasında dəyişkən trayektoriya ilə uça bilən hipersəs raketləri hazırlayan Çin və Rusiya, həmçinin bir neçə dəfə qitələrarası ballistik raket sınaqları keçirən Şimali Koreya qeyd olunur.
Qeyd edək ki, mayın 20-də Donald Tramp ABŞ-nin "Qızıl Günbəz" raket əleyhinə müdafiə sistemi üzrə memarlıq qərarını qəbul etdiyini açıqlayıb. Yeni sistem üçün təxminən 175 milyard dollar ayrılması nəzərdə tutulur və Trampın sözlərinə görə, bu layihə üç ildən də az müddətə başa çatdırıla bilər. O, bu təşəbbüsün, vaxtilə sabiq ABŞ Prezidenti Ronald Reyqan tərəfindən irəli sürülmüş və "Ulduz müharibələri" adı ilə tanınan Strateji Müdafiə Təşəbbüsünün davamı olduğunu bildirib. Qeyd olunan proqram vaxtilə ABŞ büdcəsindən təxminən 30 milyard dollar vəsait almış, lakin sonradan dayandırılmışdı.
Tramp bildirib ki, bu yeni sistem raket təhlükəsinə "həmişəlik son qoyacaq" və uğur faizi "demək olar ki, 100%-dir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31