NATO ölkələri hərbi bazaların müdafiəsini yenidən dəyərləndirir – ÖZƏL

Ukraynanın iyunun 1-də Rusiya hərbi aerodromlarına FPV-dronlarla hücumu NATO ölkələrini öz hərbi bazalarının zəif tərəflərini yenidən nəzərdən keçirməyə vadar edib. 

Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti Avropa ölkələrindən birinin müdafiə rəsmisinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bir neçə ekspert qeyd edir ki, belə pilotsuz uçuş aparatları istənilən vaxt hərbi bazalara ciddi təhlükə yarada bilər. Kornel Universitetində tədqiqat proqramının rəhbəri Ceyms Patton Rocers bildirib ki, xüsusilə Afrika və Yaxın Şərqdə yerləşən böyük dövlətlərin hərbi bazaları regional vəziyyətə görə daha həssasdır.

Bununla belə, NYT qeyd edir ki, Ukraynanın bu kütləvi dron hücumu Rusiyanın hücum əməliyyatlarını davam etdirməsinə mane olmayacaq.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 1 iyunda Ukrayna rejimi Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində yerləşən hərbi aerodromlara qarşı FPV-dronlarla terror aktı həyata keçirib. İvanovo, Ryazan və Amur vilayətlərindəki hücumların qarşısı alınıb. Bəzi aviasiya texnikası yanıb, lakin yanğınlar söndürülüb. Nazirlik qeyd edib ki, hərbçilər və mülki şəxslər arasında tələfat yoxdur, bəzi hücum iştirakçıları saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31