İran və ABŞ arasında altıncı nüvə danışıqları sual altındadır – ÖZƏL
3 İyun 12:52 DünyaABŞ və İran arasında nüvə sazişi üzrə altıncı raund danışıqlarının keçirilməsi ciddi sual altındadır.
Olaylar.az xəbər verir ki, CNN-in məlumatına görə, İran Vaşinqtonun yeni təklifini "ziddiyyətli, əlaqəsiz, reallıqdan uzaq və həddindən artıq tələblərlə dolu" kimi dəyərləndirib.
CNN-ə açıqlama verən yüksək vəzifəli iranlı məmur bildirib ki, ABŞ tərəfi mütəmadi olaraq mövqeyini dəyişir və bu, indiyədək uğurlu nəticəyə nail olunmamasının əsas səbəbidir: "Bu yanaşma danışıqları daha da çətinləşdirir".
O, həmçinin əlavə edib ki, ABŞ-nin təqdim etdiyi yeni sənəd əvvəlki - beşinci raund zamanı əldə olunmuş razılaşmalara ziddir.
Bundan əvvəl Axios portalı yazmışdı ki, 30 may tarixində Vaşinqton tərəfindən Tehrana göndərilən təklifdə İranın uranı yalnız 3% səviyyəsində zənginləşdirməsinə icazə verilir. Əvəzində Tehran uran konversiyası və emalı üçün əsas infrastrukturu sökməli, qaz sentrifuqlarının hazırlanmasını dayandırmalı və yeni nüvə obyektlərinin tikilməsindən imtina etməlidir.
Bundan başqa, təklifdə "regional zənginləşdirmə konsorsiumu"nun yaradılması və İrandan MAQATE ilə əlavə protokol üzrə əməkdaşlığı dərhal bərpa etməsi tələb olunur. ABŞ həmçinin İrana qarşı güclü monitorinq və yoxlama sisteminin qurulmasını təklif edir.