Moldova XİN vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib- ÖZƏL
3 İyun 2025 11:39 DünyaMoldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki, bu qərar Rusiyanın sərhədlərində təhlükəsizlik tədbirlərinin artırılması və guya saxlanılma risklərinin mövcud olması ilə əsaslandırılıb.
"Xarici İşlər Nazirliyi və Moldovanın Moskvadakı səfirliyi vətəndaşlara Rusiya Federasiyasına vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edir", - deyə nazirliyin Telegram kanalında yayımlanan açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu xəbərdarlıqdan əvvəl, aprel ayında Rusiya XİN də Moldova sərhədində rusiyalı vətəndaşlara qarşı risklər barədə məlumat yaymışdı. Bildirilmişdi ki, Moldovada rus vətəndaşları tez-tez alçaldıcı və uzun müddət davam edən yoxlamalara məruz qalır. Hər gün onlarla rusiyalıya sərhədi keçməyə icazə verilmir. Rusiya XİN həmçinin qeyd etmişdi ki, Moldova hakimiyyəti konsulluq əməkdaşlarına öz vətəndaşlarına yardım göstərmək üçün imkan vermir, bu da konsulluq dəstəyini xeyli çətinləşdirir.
Moldova ilə Rusiya arasındakı münasibətlər 2021-ci ildən, Avropayönlü qüvvələrin hakimiyyətə gəlməsindən sonra pisləşməyə başlayıb. 2023-cü ildə Moldova onlarla rus diplomatını ölkədən çıxarıb, Rusiyanın Mədəniyyət Mərkəzində isə yalnız bir nümayəndə qalıb. Səfirlik heyətinin azaldılması Moldovada yaşayan vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsində ciddi çətinliklər yaradıb.