ABŞ Suriyadakı üç hərbi bazadan imtina etdi- ÖZƏL

ABŞ Suriyada yerləşən üç hərbi bazasından imtina edib və regiondakı hərbi mövcudluğunu azaldıb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi "Al Arabiya" telekanalına məlumat verib.
Məlumata görə, ABŞ Suriyada iki hərbi bazanı tamamilə bağlayıb, bir bazanı isə kürdlərin nəzarətində olan "Suriya Demokratik Qüvvələri"nə (SDQ) təhvil verib. Eyni zamanda, ölkədən təxminən 500 amerikalı hərbçi çıxarılıb.
"Suriyadan təxminən 500 hərbçimiz çıxarılıb. İki hərbi baza bağlanıb, biri isə SDQ-yə verilib. ABŞ hərbi qüvvələrinin Suriyada konsolidasiyası təhlükəsiz və düşünülmüş şəkildə həyata keçirilir", - deyə ABŞ rəsmisi bildirib.
"Al Arabiya"nın məlumatına əsasən, SDQ-nin nəzarətinə verilən baza "Mission Support Site Euphrates" adlanır. Bağlanan bazalardan biri isə "Mission Support Site Green Village"dir. Digər bağlanan obyektin adı açıqlanmayıb.
Qeyd edək ki, 2015-2018-ci illərdə Suriyanın kürdlərin nəzarətində olan ərazilərində ABŞ tərəfindən doqquz hərbi baza və üç avanpost yaradılmışdı. Bu obyektlər əsasən Hələb, Deyr əz-Zor, Rəqqa və Həsəkə vilayətlərində, həmçinin İraq və İordaniya ilə sərhəddə yerləşən Ət-Tanf bölgəsində yerləşirdi. Həmin vaxt bu ərazilərdə ümumilikdə 2 200 amerikalı hərbçi xidmət edirdi.
Bu ilin aprel ayında Pentaqon ABŞ-nin Suriyadakı hərbi kontingentinin azaldılacağını və ölkədə 1 000-dən az əsgərin qalacağını bildirmişdi.
Qeyd edək ki, 10 mart tarixində Suriya müvəqqəti prezidenti Əhməd Əş-Şəraa və kürd ittifaqının komandanı Mazlum Abdi arasında imzalanmış razılaşmaya əsasən, SDQ-yə bağlı hərbi hissələr hökumət ordusuna birləşdiriləcək. Müqaviləyə görə, kürdlərin nəzarətində olan ərazilərdəki bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları, qaz və neft yataqları Dəməşqdə qurulan yeni administrasiyanın tabeliyinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31