Fidan: Ukrayna danışıqlarında atəşkəsi müzakirə etməyi planlaşdırır- ÖZƏL
2 İyun 16:50 DünyaOlaylar.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən ikinci raund danışıqlarında əsas məqsədin atəşkəs və əsir mübadiləsi məsələlərinin müzakirəsi olduğunu bildirib.
Nazir qeyd edib ki, bu danışıqlarda tərəflər birinci görüşdə - 16 may tarixində nümayiş etdirdikləri konstruktiv və nəticəyönlü yanaşmanı davam etdiriblər. "Tərəflər çox mühüm addımlar atdılar. Minlərlə insanın mübadiləsi qısa müddətdə başa çatdırıldı. Hər iki tərəf atəşkəslə bağlı mövqelərini müəyyən edib və növbəti addımları müzakirə etmək üçün bu gün bir araya gəliblər. Görüşdə atəşkəsin şərtləri və perspektivləri üzərində dəyərləndirmələr aparılacaq. Həmçinin əsirlərin, xüsusilə humanitar əsaslarla mübadiləsi məsələsində irəliləyiş hədəflənir", - deyə Fidan bildirib.
Nazir onu da vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə daimi əlaqə saxlayır. Onun göstərişi ilə ötən həftə Ankaranın nümayəndələri həm Moskvaya, həm də Kiyevə səfərlər ediblər və bu danışıqlara hazırlıq görülüb.
Fidan hər iki tərəfin bu görüşdən konkret nəticələr əldə edəcəyinə və bu nəticələrin regionda sülhə doğru bir addım olacağına ümid etdiyini söyləyib: "Ümid edirəm ki, bu danışıqlar Ukrayna və Rusiya xalqları üçün xeyirli nəticələr verəcək".
İstanbulda keçirilən bu görüş, Rusiya-Ukrayna münaqişəsində vasitəçilik edən Türkiyənin regiondakı diplomatik səylərinin davamı kimi qiymətləndirilir.