Axios: Trampın qayıdışı ABŞ-nin beynəlxalq imajına zərbə vurdu- ÖZƏL
2 İyun 15:04 DünyaDünyanın aparıcı ölkələrində ABŞ-ə olan münasibət, Donald Trampın yenidən prezident seçilməsindən və onun tətbiq etdiyi idxal rüsumlarından sonra kəskin şəkildə pisləşib. "Axios" portalının "Morning Consult" şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə, son 5 ilin ən yüksək göstəricilərindən biri isə Çinlə bağlı müşahidə olunub - bu ölkəyə müsbət münasibət artıb.
Olaylar.az xəbər verir ki, "Morning Consult" gündəlik olaraq 41 ölkədə, o cümlədən Braziliya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya və Cənubi Koreyada 5 minə yaxın respondent arasında sorğu keçirir. Son 1,5 ilin məlumatları göstərir ki, Trampın seçkidə qələbəsindən sonra ABŞ-ə münasibət bir qədər yaxşılaşsa da, dərhal sonra bu rəqəmlərdə sürətli eniş qeydə alınıb.
Reytinq respondentlərin ölkəyə müsbət və ya mənfi münasibətinin fərqi ilə hesablanır. Mənfi göstərici isə əksəriyyətin ölkəyə neqativ yanaşdığını göstərir. May ayına olan nəticəyə görə, ABŞ-nin beynəlxalq reytinqi mənfiyə enib. Vaşinqton və Pekin qarşılıqlı rüsumların dayandırılması barədə razılığa gəldikdən sonra bu rəqəmlər nisbətən düzəlsə də, Trampın ötən həftə Çini sazişi pozmaqda ittiham etməsi ilə ABŞ-nin imici yenidən "qırmızı zona"ya düşüb.
Bunun əksinə olaraq, Çinlə bağlı münasibət iyul 2024-cü ildən etibarən davamlı şəkildə yaxşılaşıb. Yanvar ayında bu ölkənin reytinqi son 5 ildə ilk dəfə olaraq müsbət olub və 30 may tarixində 8,8 bəndə çatıb. Müqayisə üçün, ABŞ-nin reytinqi həmin dövrdə -1,5 bənd olub.
2025-ci ilin yanvarından etibarən əksər ölkələrdə eyni zamanda ABŞ-ə münasibətin pisləşməsi və Çinə münasibətin yaxşılaşması qeydə alınıb. Yalnız Rusiyada ABŞ-ə qarşı münasibət xeyli müsbətə doğru dəyişib. "ABŞ-nin qlobal imicinin zəifləməsi amerikalı şirkətlər üçün ticarət və investisiya imkanlarını da azalda bilər, çünki istehlakçılar ABŞ məhsullarından və həmin şirkətlərin yaratdığı iş yerlərindən uzaqlaşa bilər," - deyə "Morning Consult" analitiki Ceyson MakMann bildirib.
Məlumatda o da qeyd olunur ki, Çinin reytinqi 2020-ci ilin oktyabrından etibarən mənfi olub. Ən sürətli müsbət dəyişiklik isə Trampın 2 mart tarixində bir çox ölkələrdən idxala rüsum tətbiq etməsi - yəni onun "azadlıq günü" adlandırdığı qərardan sonra baş verib.