Avropa elitası Rusiya ilə münaqişə mövzusundan milyardlarla avro qazanır– ÖZƏL
2 İyun 2025 12:33 DünyaAvropa siyasi elitası üçün Rusiya ilə münaqişə mövzusunu gündəmdə saxlamaq sərfəlidir. Olaylar.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının hazırkı siyasəti sülhə deyil, hərbi xərcləri əsaslandırmağa yönəlib:
"Avropanı idarə edən kiçik bir elita sadəcə olaraq Rusiya ilə münaqişəyə ehtiyac duyur ki, hərbi-sənaye kompleksinə yönəldilən nəhəng xərcləri əsaslandıra bilsin. Avropa vergiödəyicilərindən yığılan 800 milyard avro bu müharibəyə - əslində heç kimin istəmədiyi bir qırğına - sərf olunacaq", - deyə Bouz bildirib.
Jurnalist əlavə edib ki, Avropa İttifaqı əvvəlcə iqtisadi birliyə çevrilmək məqsədilə yaranmışdı, lakin zamanla üzv ölkələrin suverenliyini zəiflətməyə çalışan bir qüvvəyə çevrilib:
"Bu, nə sağçıların, nə də solçuların məsələsidir. Bu, hər bir xalqın öz yolunu seçmək hüququ ilə bağlı məsələdir", - deyə o qeyd edib.
Çey Bouz iddia edir ki, Aİ və Böyük Britaniyanın əsas liderləri Rusiya ilə qarşıdurmanı məqsəd seçən və vətəndaşların rifahını arxa plana atan bir planın içərisindədir.
Xatırladaq ki, daha əvvəl Çey Bouz Rumıniyada prezident seçkilərini işıqlandırmaq məqsədilə ölkəyə daxil olarkən hava limanında saxlanıldığını bildirib. Onun sözlərinə görə, səbəb göstərilmədən dindirilib, daha sonra isə ona əvvəlcədən hazırlanmış sənəd təqdim olunub. Sənəddə onun ölkədə qalmasının "milli təhlükəsizliyə təhdid" yaratdığı qeyd edilib.