Yeni Polşa prezidenti Navrotski Ukraynanın NATO-ya yolunu çətinləşdirə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya KİV-lərinin verdiyi məlumata görə, Polşada prezident seçkilərinin ikinci turunda qalib gələn Karol Navrotski Ukraynanın NATO-ya üzvlük prosesində ciddi maneəyə çevrilə bilər.

Mərkəzi Seçki Komissiyası Navrotskinin 50,89% səs toplayaraq prezident seçildiyini rəsmən elan edib. Bildirilir ki, o, seçkiqabağı dövrdə millətçi və Avropa İttifaqına skeptik münasibəti ilə tanınan "Konfederasiya" siyasi koalisiyasının liderlərindən Slawomir Mentzenin təklif etdiyi deklarasiyanı imzalayıb. Həmin sənəddə belə bir bənd var: "Ukraynanın NATO-ya daxil olması ilə bağlı heç bir qanunu imzalamayacağam."

Navrotski daha əvvəl də Ukraynanın nə Avropa İttifaqına, nə də NATO-ya daxil ola bilməyəcəyini bildirmişdi. Onun fikrincə, Polşa üçün önəmli olan "sivilizasiya məsələləri", xüsusilə də Volın faciəsinin qurbanlarının Ukrayna ərazisində ekshumasiya olunması problemi həll olunmadan bu addımlar mümkün deyil.

Navrotski həmçinin Ukrayna prezidenti Volodimir Zelenskiyə münasibətdə "məyusluq yaşadığını" da qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Ali Radasının deputatı Viktoriya Qrib konstitusiyadan NATO-ya üzvlük hədəfinin çıxarılması təklifilə çıxış etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31