Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
2 İyun 10:07 DünyaRusiya artıq məhv edilmiş və ya zədələnmiş strateji bombardmançı və raket daşıyıcı təyyarələrinin itkisini kompensasiya edə bilməyəcək.
Olaylar.az yerli mediaya istinadən xəbər verir ki, bu fikirləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko səsləndirib.
Onun sözlərinə görə, Tu-95MS, Tu-22M3 və Tu-160 kimi strateji təyyarələr Rusiyada hazırda istehsal olunmur və yeni təyyarə kimi təqdim edilənlər əslində sovet dövründən qalan ehtiyatların modernləşdirilmiş versiyalarıdır:
"Bu günə qədər Rusiya sıfırdan yeni Tu-22M3 və ya Tu-160 istehsal etməyib. Sadəcə SSRİ-dən qalan təyyarələri modifikasiya edirlər. İtkilərin bərpası mümkün deyil, çünki yeni istehsal yoxdur. Xüsusilə Tu-160-ların məhv edilməsi Rusiya üçün ciddi zərbədir - bu, Aerokosmik Qüvvələrin ən bahalı və nadir təyyarəsidir".
Ekspert əlavə edib ki, itkilər davam edəcək və yaxın vaxtlarda Rusiya hərbi aviasiyası ilə bağlı daha sarsıdıcı xəbərlər eşidiləcək:
"A-50 havadan erkən xəbərdarlıq təyyarəsinin vurulması Rusiya üçün sonuncu unikal texnika itkisi olmayacaq. Tezliklə daha çox fantastik məlumatlar görəcəyik".