Marin Le Pen: "Vergilər artırılsa, Bayru hökumətinə etimadsızlıq səs verəcəyik"- ÖZƏL

Fransada "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen, əgər Baş nazir Fransua Bayru büdcəni xilas etmək üçün vergiləri artırmaq qərarına gələrsə, hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəklərini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə siyasətçi BFMTV telekanalına verdiyi açıqlamada deyib.
"Əgər Bayru vergiləri artırmaq niyyətindədirsə - əvvəlki baş nazir Mişel Barnye kimi - bu zaman biz onun da eyni aqibətlə üzləşməsinə səbəb olacaq qərarı verəcəyik. Biz, cənab Barnyenin dəstəklədiyi vergi artımının qarşısını almaq üçün necə etimadsızlıq verdiksə, eyni yolu seçəcəyik," - deyə Le Pen qeyd edib.
O, vurğulayıb ki, hazırkı büdcə problemlərinin kökündə "nəzarətsiz immiqrasiyaya çəkilən xərcləri məhdudlaşdırmaq istəyi və iradəsinin olmaması" dayanır. Le Pen əlavə edib: "Fırıldaqçılığa qarşı real mübarizə aparmaq və Avropa İttifaqına olduqca yüksək ödənişləri azaltmaq üçün siyasi iradə yoxdur. Bu səbəbdən hökumət ənənəvi yolla - vergi artımı ilə - problemi həll etməyə çalışır. Vergilər fərqli formalarda ola bilər, lakin 'sosial ƏDV' də bir növ vergidir və bu, ən az gəlirli təbəqəni ədalətsiz şəkildə vuracaq."
Xatırladaq ki, Fransanın baş naziri Fransua Bayru bu yaxınlarda vətəndaşlara ölkə büdcəsinin sabitləşdirilməsində iştirak etməli olduqlarını bildirib. O qeyd edib ki, yayda bütün fransızlardan fədakarlıq tələb edən uzunmüddətli bir plan təqdim edəcək. Bayru vurğulayıb ki, Fransa hazırda borc içində boğulur və qonşu ölkələrdən az məhsuldardır. Onun sözlərinə görə, xalq bu çağırışa anlayışla yanaşacaq və hökumətin israfçılıqdan qurtulmaq üçün axtardığı 40 milyard avroluq qənaətə dəstək verəcək.
Qeyd edək ki, 2024-cü ilin sonunda Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) baş nazir Mişel Barnyenin parlamentin iştirakı olmadan 2025-ci ilin büdcə layihəsini qəbul etməsinə cavab olaraq hökumətə etimadsızlıq səsverməsi keçirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31