Makron: “Fələstin dövlətinin tanınması mənəvi borcdur”- ÖZƏL
30 May 13:46 DünyaFransa Prezidenti Emmanuel Makron Avropa ölkələrini İsrailə qarşı daha sərt mövqe tutmağa çağırıb. O bildirib ki, əgər İsrail Qəzza zolağında yaranmış humanitar böhrana adekvat cavab verməzsə, Avropa öz kollektiv mövqeyini sərtləşdirməlidir. Olaylar.az xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.
Sinqapurda keçiriləcək "Shangri-La Dialoqu" təhlükəsizlik konfransından əvvəl təşkil olunan mətbuat konfransında çıxış edən Makron qeyd edib ki, Qəzzada dərinləşən aclıq böhranı fonunda beynəlxalq ictimaiyyətin İsrailə təzyiqləri artır və bu vəziyyət "növbəti saatlar və günlər ərzində" konkret addımlar tələb edir.
Fransa Prezidenti həmçinin vurğulayıb ki, müəyyən şərtlərlə Fələstin dövlətinin tanınması yalnız mənəvi borc deyil, həm də siyasi zərurətdir. Onun sözlərinə görə, bu şərtlərə HƏMAS hərəkatının silahsızlaşdırılması və İsrailin mövcudluq və özünü müdafiə hüququnun tanınması daxildir.
Xatırladaq ki, Makron bu fikirlərini daha əvvəl İndoneziyada da səsləndirmişdi.
Qeyd edək ki, Emmanuel Makron və ABŞ müdafiə naziri Pit Hegset də daxil olmaqla dünyanın aparıcı liderləri, diplomatları və hərbi rəsmiləri bu həftəsonu Sinqapurda keçiriləcək "Shangri-La Dialoqu" konfransında iştirak edəcək. Fransa Prezidenti mayın 30-u axşam konfransın açılış nitqini söyləyəcək.