İlon Mask: “Özümü küncə sıxılmış kimi hiss edirdim” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında hökumətin səmərəliliyini artırmaq üçün yaradılmış xüsusi qurum - DOGE (Directorate of Government Efficiency) üzrə fəaliyyətinə dair CBS News-a müsahibəsində fikir ayrılıqları yaşadığını etiraf edib. O bildirib ki, bu səbəbdən özünü "küncə sıxılmış" vəziyyətdə hiss edib.

"Bu barədə müsahibədə danışmaq mənim üçün çətindir, çünki dediklərim tez-tez mübahisələrə səbəb olur. Mən administrasiyaya qarşı çıxmaq istəmirəm, eyni zamanda onun bütün addımlarına görə məsuliyyət daşımaq da istəmirəm. Bu səbəbdən sanki küncə sıxılmışam, başa düşürsünüz?", - deyə Mask qeyd edib.

O, Tramp komandasının siyasəti ilə bir çox məsələdə razı olduğunu desə də, bəzən fikir ayrılıqları yaşandığını bildirib. Milyarder, xüsusilə Trampın "böyük və gözəl qanun layihəsi" adlandırdığı dövlət xərclərinin azaldılması təşəbbüsünü misal çəkərək, "Hesab edirəm, bu qanun ya böyük, ya da gözəl ola bilər, amma eyni anda hər ikisi olması mümkün deyil. Bu mənim şəxsi fikrimdir", - deyə qeyd edib.

Çərşənbə günü İlon Mask sosial şəbəkə X-də yaydığı paylaşımda ABŞ hökumətində ona ayrılmış xüsusi xidmət müddətinin başa çatdığını açıqlayıb. Bununla belə, DOGE-un rolunun gələcəkdə daha da artacağına əmin olduğunu bildirib.

Maskın CBS News-a verdiyi müsahibənin tam versiyası 1 iyun tarixində yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31