Rusiya Ukraynanın İstanbul danışıqları ilə bağlı cavabını gözləyir – ÖZƏL

Rusiya hələlik Ukraynadan iyunun 2-də İstanbulda keçiriləcək danışıqlara dair təklifinə cavab almayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Çərşənbə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrov növbəti Rusiya-Ukrayna birbaşa danışıqlarının iyunun 2-də Türkiyədə baş tutacağını və bu görüşdə Rusiyanın Ukraynaya öz memorandumunu təqdim edəcəyini açıqlayıb.

"Bildirildiyi kimi, biz bazar ertəsi, 2 iyun tarixində İstanbulda ikinci raundun keçirilməsini təklif etdik. Amma hələlik, mənim bildiyimə görə, cavab verilməyib", - deyə Peskov jurnalistlərə açıqlamasında qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynaya ilkin şərtlər olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. Peskovun sözlərinə görə, bu danışıqların əsas məqsədi münaqişənin kök səbəblərini aradan qaldırmaq və Rusiyanın maraqlarını təmin etməkdir.

Rusiya nümayəndə heyəti 15 mayda İstanbulda olub, lakin həmin gün Ukrayna tərəfi ilə heç bir təmas baş tutmayıb. Görüş yalnız növbəti gün keçirilib və təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva və Kiyev atəşkəsin mümkün gələcəyi ilə bağlı öz baxışlarını təqdim etmək barədə razılığa gəliblər və Rusiya danışıqları davam etdirməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31