Asiyada COVID-19 yenidən yayılır: Tailand, Çin və Sinqapurda maska tələbi- ÖZƏL
29 May 12:42 DünyaAsiya ölkələri - Tailand, Çin və Sinqapur COVID-19-un yeni dalğası ilə qarşılaşıb. Olaylar.az xəbər verir ki, Nikkei Asia-nın məlumatına görə, bu səbəbdən hökumətlər vətəndaşları maska taxmağa çağırır.
Tailandda 18-24 may tarixləri arasında 53,5 min nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm yanvardan mayın ortalarına qədər qeydə alınan 187 min yoluxma halının əhəmiyyətli hissəsini təşkil edir. Ən çox yoluxma halları paytaxt Banqkokda müşahidə olunub. Bunun əsas səbəbi isə apreldə keçirilən Sonqkran - Tay Yeni ili festivalıdır. Festival zamanı su şarları ilə kütləvi əyləncələr təşkil olunub. Mayın ortalarından etibarən paytaxtdakı məktəblərdə dezinfeksiya işləri görülür, bəzi məktəblər isə distant təhsilə keçib.
Tailand hökuməti bildirir ki, maskalar, testlər və dezinfeksiya vasitələrinin "ədalətli qiymətlərlə" əlçatan olması təmin edilir. Səhiyyə Nazirliyi yoluxan şəxslərə mobil tətbiqlər vasitəsilə həkimlərlə pulsuz onlayn konsultasiyalar və dərmanların tez bir zamanda çatdırılmasını təşkil edir.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, aprelin 28-dən mayın 4-dək xəstəxanalarda aparılan COVID-19 testlərinin 16%-i pozitiv nəticə verib. Martın son həftəsində bu rəqəm 6,3% olub. Çinli epidemioloq Çjun Nanşan bildirib ki, hazırda Çində dominant olan XDV və XDV.1 ştammları insanın immun sisteminə daha davamlıdır. Bu isə peyvənd olunmuş və ya əvvəl yoluxmuş şəxslərin də risk altında olması deməkdir. O, iyunun sonuna doğru yoluxma sayının azalacağını proqnozlaşdırır.
Sinqapur da yoluxma hallarının artması səbəbilə fövqəladə hazırlıq vəziyyətindədir. Ölkənin Səhiyyə Nazirliyi mayın 13-də son bir il ərzində ilk dəfə olaraq yenilənmiş COVID-19 statistikasını yayımlayıb. Məlumata görə, aprelin 27-dən mayın 3-dək yoluxma halları əvvəlki həftə ilə müqayisədə 28%, hospitalizasiya isə 30% artıb. Vətəndaşlara peyvənd olunmaq və ictimai yerlərdə maska taxmaq tövsiyə edilir.