Ağ Ev Trampın gömrük rüsumlarını bloklayan məhkəmə qərarını tənqid edib- ÖZƏL

Ağ Ev prezident Donald Trampın yeni idxal tarifləri tətbiq etmək planını bloklayan federal məhkəmə qərarını tənqid edib.

Olaylar.az xəbər verir ki, Ağ Evin nümayəndəsi Kuş Deesai tərəfindən The Hill qəzetinə verilən açıqlamada bildirilir ki, xarici dövlətlərin Vaşinqtona qarşı apardığı ticarət siyasəti "tarixi və daimi ticarət kəsiri" yaradıb. Bu vəziyyət Ağ Ev tərəfindən "fövqəladə hal" kimi qiymətləndirilir. "Ölkədəki fövqəladə hallarla necə mübarizə aparmağı seçilməmiş hakimlər yox, Prezident müəyyən etməlidir. Prezident Tramp Amerikaya üstünlük verəcəyinə söz verib və administrasiya bu böhranı aradan qaldırmaq və Amerikanın böyüklüyünü bərpa etmək üçün bütün icra hakimiyyəti səlahiyyətlərindən istifadə etmək niyyətindədir", - deyə Deesai vurğulayıb.
Federal məhkəmənin qərarında Trampın prezident səlahiyyətlərini aşdığı bildirilib və buna əsasən 2 aprel tarixində açıqladığı 185 ölkə və bölgədən idxala tətbiq edilən cavab rüsumları ilə yanaşı, daha öncə Kanada, Çin və Meksikadan idxal olunan məhsullara tətbiq edilən tariflər də bloklanıb. Lakin qərar avtomobil və onların ehtiyat hissələri, həmçinin polad və alüminium idxalına qoyulan rüsumlara şamil edilmir.
Tramp administrasiyası artıq ABŞ Federal Dairə Apellyasiya Məhkəməsinə bu qərardan şikayət verəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31