Makron Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarla hədələyir- ÖZƏL

Fransanın Prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyaya təsir göstərmək üçün genişmiqyaslı sanksiyalarla hədələmək niyyətindədir.
Fransa liderinin sözlərinə görə, o, "ABŞ-nin sülh təşəbbüsünü alqışlayır, lakin bu gün Rusiyanı sülhə məcbur etmək üçün vasitələrə sahib olmaq vacibdir". Makron əlavə edib: "Yeganə yol - genişmiqyaslı sanksiyalarla təhdiddir".
Olaylar.az xəbər verir ki, bu fikirləri prezident Vyetnama səfəri zamanı jurnalistlərlə söhbətində səsləndirib. Onun çıxışı Yelisey sarayının "X" sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.
Makron həmçinin vurğulayıb ki, "Fransa və onun tərəfdaşları üçün prioritet yaxın vaxtlarda atəşkəs haqqında razılığa nail olmaqdır. Bu, ədalətli və davamlı sülh haqqında müzakirələrə başlamağa imkan verəcək".
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-nin növbəti sanksiya hədələrini şərh edərkən bildirmişdi ki, Moskva ilə dialoqda ultimatum dili işlədilə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31