ABŞ Ukraynaya silah tədarükünü gizli saxlayır: Rusiya ilə gərginlikdən çəkinirlər- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni hərbi yardım paketləri ilə bağlı açıq bəyanatlardan çəkinir. "The Washington Post" qəzetinin yazdığına görə, bunun səbəbi Rusiya rəhbərliyinin qəzəblənməsinin və mümkün sülh danışıqlarının təhlükə altına düşməsinin qarşısını almaqdır. Olaylar.az xəbər verir ki, qəzet bu məlumatı Avropa rəsmilərinə istinadla yayıb.
"Onlar düşünürlər ki, əgər Ukraynaya Patriot raketlərinin tədarükü ilə bağlı səs-küylü bir açıqlama versələr, bu, Rusiya Prezidenti Vladimir Putini çox qəzəbləndirə bilər. Tramp administrasiyası, görünür, bunun sülh danışıqlarına ciddi zərər vura biləcəyindən narahatdır", - deyə nəşrə danışan mənbə bildirib.
Məlumata görə, Kiyev tərəfi ABŞ-nin Ukraynaya Patriot zenit-raket komplekslərinə aid sursatları pulsuz vermək əvəzinə, satacağını güman edir. Qeyd olunur ki, əvvəlki administrasiya bu sursatları Ukraynaya hədiyyə edirdi.
ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl bildirib ki, Ukrayna Tramp administrasiyasından yeni Patriot qurğuları və onların sursatlarını istəyib. Onun sözlərinə görə, bu sistemlər hazırda ABŞ-nin özündə də azdır. Buna görə də Vaşinqton NATO müttəfiqlərini Ukraynaya öz ehtiyatlarından Patriot göndərməyə təşviq edir. Lakin Rubio qeyd edib ki, "bu ölkələrin heç biri öz Patriot sistemlərindən imtina etmək istəmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31