ABŞ-nin dəstəyi İsrailə gələcək siyasətində daha çox cəsarət verə bilər– ÖZƏL
26 May 2025 14:15 Dünya"İsrail ABŞ müttəfiqlikdə bir nömrəli nümunədir desək, yanılmarıq. Amerikanın İsrailə verdiyi dəstək bu baxımdan təəccüblü sayıla bilməz.
Zatən İsrail bu günə qədər ayaqda qalmasını və strateji hədəflərinə çatmasını məhz Amerikanın dəstəyi ilə təmin edib. ABŞ rəsmilərinin İsrailə göstərdiyi son dəstək də bu siyasətin tərkib hissəsidir".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin nəzərə alsaq ki, son dövrlərdə İsrail və ABŞ rəhbərləri arasında, xüsusilə Qəzza məsələsindəki əməliyyatlarla bağlı fərqli mövqelər mövcuddur, bu zaman görünür ki, ABŞ İsrailin son quru əməliyyatlarını açıq şəkildə dəstəkləmir. Daha çox prosesin danışıqlar yolu ilə həll olunmasında maraqlıdır.
Bu səbəbdən İran daxil olmaqla, özünə düşmən hesab etdiyi qüvvələr - HƏMAS, Hizbullah və Suriyanın yeni rəhbərliyi ilə birbaşa təmaslar qurmağa başlayıb və ABŞ hesab edir ki, danışıqlar yolu ilə regiondakı vəziyyəti nizamlamaq mümkün ola bilər.
Amma İsrail bu məsələdə daha sərt və radikal mövqe nümayiş etdirir. ABŞ-ın göstərdiyi dəstək isə indiyə qədərki xəttin davamıdır və bu dəstək İsrailə gələcəkdəki siyasətində daha çox cəsarət verə bilər. Beləliklə, aparılan əməliyyatlar daha sərt və genişmiqyaslı adımlarla davam etdirilə bilər".
Zeynəb Rzayeva