Aİ USAID-in boşluğunu doldurmağa hazırlaşır – ÖZƏL
26 May 2025 14:14 DünyaAvropa İttifaqı (Aİ) ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) üçüncü dünya ölkələrindən geri çəkilməsi ilə yaranan boşluğu qismən doldurmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının (İnkişaf məsələləri üzrə) iclasına gələrkən bildirib.
"USAID-in inkişaf yardımlarından geri çəkilməsinin nəticələrini və bizim bu boşluğu harada doldura biləcəyimizi müzakirə edəcəyik," - deyə Kallas qeyd edib.
O bildirib ki, Aİ ABŞ-nin tam şəkildə yerini tuta bilməsə də, öz prioritetlərinə fokuslanacaq: "Əsas diqqətimiz qonşuluq ölkələrinə, demokratiya və media azadlığına, eləcə də insan hüquqları kimi sahələrə yönələcək."
Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Martın 10-da agentliyin müvəqqəti rəhbəri təyin olunan ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, hökumət USAID proqramlarının 83%-ni ixtisar edib. Onun yerinə ABŞ Dövlət Departamenti 2,9 milyard dollarlıq "America First Opportunity Fund" (A1OF) adlı yeni fond yaradacaq. Bu fond Hindistan və İordaniya kimi tərəfdaşlarla əlaqələri davam etdirmək, repatriasiya işlərini dəstəkləmək və Çin kimi strateji rəqiblərə qarşı mübarizə aparmaq məqsədi daşıyacaq.