Papuaşvili: Gürcü xalqı vətəninə, dilinə və inancına sədaqətlə sahib çıxacaq

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, ölkəyə saxta andlar, saxta niyyətlər, saxta təlimlər gətirən, nifaq, ayrı-seçkilik və pislik yayan heç kəsə Gürcüstanın gələcəyi etibar olunmayacaq.

"Əgər biz vətənimizə, dilimizə və inancımıza sadiq olsaq, heç bir pis güc bizi məğlub edə bilməz", - deyə o vurğulayıb.

Papuaşvili qeyd edib ki, bu gün Gürcüstan xalqı ölkənin üç əsas simvolunun - vətən, dil və inancın müdafiəsinə and içir: "Biz bu günü birlikdə qeyd edirik - yaşlı və gənc, şəhərli və kəndli, ölkədə və ya xaricdə yaşayan hər bir gürcü öz qədim dili ilə, sarsılmaz inamla Gürcüstan qarşısında sədaqətini açıq şəkildə bəyan edir".

O, Gürcüstanı müqəddəs əmanətlərin və tarixi şəxsiyyətlərin vətəni kimi dəyərləndirib: "Biz Vaxdanqın, Davidin, Şotan və Tamaranın ölkəsiyik. Biz Məsihin kəfənini, Məryəmin libasını, Xilaskarın xaçının mismarını qoruyan bir ölkəyik".

Sonda Papuaşvili xalqa səslənərək birliyə çağırıb: "Dinindən, etnik mənsubiyyətindən və harada yaşamasından asılı olmayaraq, biz bir enerji ilə birləşmiş vahid Gürcü xalqıyıq. Yaşasın müstəqil və azad Gürcüstan! Allah bizi qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31