Avstriyanın sabiq kansleri Sebastyan Kurts məhkəmə tərəfindən bəraət aldı- ÖZƏL

Avstriyanın keçmiş federal kansleri Sebastyan Kurts haqqında verilmiş şərti həbs qərarı ləğv edilib. Olaylar.az xəbər verir ki, "Die Presse" qəzetinin yaydığı məlumata görə, Vyana Cinayət İşləri üzrə Əyalət Məhkəməsi Kurtsun apellyasiya şikayətini təmin edib və onu yalan ifadə verməkdə təqsirli bilməyərək bəraət verib.
Qeyd edək ki, Kurts daha əvvəl Avstriya parlamentində dövlət investisiya holdinqi OeBAG-ın rəhbərliyinin təyinatı ilə bağlı araşdırma zamanı yalan ifadə verdiyi üçün 8 ay şərti həbs cəzasına məhkum olunmuşdu. Həmin qərarı 2024-cü ilin fevralında hakim Mixael Radastiç çıxarmışdı. Müdafiə tərəfi isə hakimin Avstriya siyasətçisi və Kurtsun tənqidçisi Peter Piltz ilə yaxın münasibətləri olduğunu əsas gətirərək, onun işdən kənarlaşdırılmasını tələb etmişdi. Lakin Radastiç bu iddiaları rədd etmişdi.
Məhkəmə Kurtsu OeBAG-ın rəhbərliyinə öz adamını təyin etməklə bağlı ittihamdan da bəraətə layiq görmüşdü. Kurts bildirmişdi ki, rəhbər seçiminə təsir etməyib və prokurorluğu yalnız öz əleyhinə olan yazışmaları seçici şəkildə təqdim etməkdə günahlandırmışdı.
Əvəzində, sabiq kanslerin aparat rəhbəri Bernhard Bonelli eyni iş üzrə yalan ifadəyə görə 6 ay şərti həbs cəzası alıb və bu hökm qüvvədə saxlanılıb.
Sebastyan Kurts 2017-2021-ci illərdə Avstriya hökumətinə rəhbərlik edib. Ona qarşı olan ittiham sübuta yetirilmədiyindən, son qərarla tam bəraət qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31