Trampın NATO sammitinə gəlməməsi alyans üçün böhran olar– ÖZƏL
26 May 2025 13:05 DünyaOlaylar.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda Radio Zet-ə verdiyi müsahibədə bildirib ki, ABŞ Prezidenti Donald Trampın iyunun sonunda Haaqada keçiriləcək NATO sammitində iştirak etməməsi alyans daxilində ciddi böhranın göstəricisi ola bilər.
"Əgər (Donald Tramp) gəlməsə, bu, ciddi böhran olacaq. Bu, böhranın bir əlamətidir. Amma mən düşünmürəm ki, o, iştirak etməyəcək", - deyə Duda vurğulayıb.
Xatırladaq ki, mayın əvvəlində "Der Spiegel" nəşri yazmışdı ki, əgər NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 faizinə qədər artırmasalar, Tramp sammiti boykota çəkə bilər. Lakin 23 mayda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker prezidentin sammitdə iştirak etməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, NATO sammiti 24-25 iyun tarixlərində Haaqadakı Konqres Mərkəzində keçiriləcək. Tədbirə 45-ə yaxın dövlət və hökumət başçısının, həmçinin xarici işlər və müdafiə nazirlərinin, ümumilikdə isə təxminən 6 min nəfərlik nümayəndə heyətinin qatılacağı gözlənilir.