İran həmişə Avropanı konstruktiv mövqe sərgiləməyə dəvət edib – XİN rəsmisi
26 May 2025 12:56 Dünyaİran özünün nüvə proqramı ilə əlaqədar Avropa ölkələrini həmişə konstruktiv mövqe sərgiləməyə dəvət edib.
Olaylar.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
"İran həmişə elan edib ki, Avropa ölkələri ilə danışıqları davam etdirməyə hazırdır. Bu danışıqların növbəti raundu haqda qərar verilməlidir.
İran danışıqlarda heç vaxt ləngitmənin tərəfdarı olmayıb. İranın qənaətincə, müzakirələrin uzunmüddətli olması üçün heç bir maneə yoxdur. Bununla əlaqədar qarşı tərəf qərar verməlidir. İran ədalətli anlaşma əldə etmək məqsədilə ciddi şəkildə dialoqa daxil olub", - deyə o qeyd edib.
Xatırladaq ki, 29 noyabr 2024-də İran və 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri müavinlərinin dialoqunun ilk raundu Cenevrədə keçirilib. Bu dialoqun 2-ci raundu 13-14 yanvar 2025-də Cenevrədə davam etdirilib. Danışıqların 3-cü raundu isə 24 fevral 2025-də təşkil olunub. Cenevrədə əsasən İranın nüvə proqramı üzrə danışıqlar aparılıb. 16 may 2025-də Türkiyənin İstanbul şəhərində nazir müavinləri bir araya gəliblər.