Trampın NATO sammitində iştirak etməməsi Alyans üçün böhran siqnalı ola bilər – Duda- ÖZƏL

Polşa Prezidenti Andjey Duda ABŞ prezidenti Donald Trampın iyun ayının sonunda Haaqada keçiriləcək NATO sammitində iştirak etməyəcəyi təqdirdə, bu halın alyans üçün ciddi böhran əlaməti olacağını bildirib. Olaylar.az xəbər verir ki, bu fikrini o, Radio Zet radiostansiyasına müsahibəsində səsləndirib.
"Əgər Donald Tramp Haaqa sammitinə gəlməsə, bu, ciddi böhran olacaq. Bu, böhranın göstəricisi olar", - deyə Duda vurğulayıb. Bununla belə, Polşa lideri Trampın sammitə qatılmayacağına inanmadığını da qeyd edib.
Xatırladaq ki, mayın əvvəlində Almaniyanın "Der Spiegel" jurnalı Trampın sammitdə iştirak etməyəcəyini ehtimal etmişdi. Bildirilirdi ki, əgər NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq istiqamətində addımlar atmasalar, Tramp tədbirdən imtina edə bilər. Lakin ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker mayın 23-də verdiyi açıqlamada Trampın sammitdə iştirakının planlaşdırıldığını bəyan edib.
NATO sammiti 24-25 iyun tarixlərində Haaqa Konqres Mərkəzində keçiriləcək. Tədbirdə 45-ə yaxın dövlət və hökumət başçısı, eləcə də xarici işlər və müdafiə nazirləri daxil olmaqla ümumilikdə təxminən 6 min nəfərlik nümayəndə heyətinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31