ABŞ ilə müvəqqəti razılaşma İranın gündəmində deyil – Bəqai

ABŞ ilə davam etməkdə olan dolayı müzakirələrdə müvəqqəti razılaşmanın əldə olunması heç vaxt İranın gündəmində olmayıb.

Olaylar.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələri Tehran və Vaşinqtonun müzakirələr çərçivəsində müvəqqəti razılaşmanın əldə olunmasından söz açıblar. Halbuki belə bir təşəbbüs olmayıb və danışıqların sonuncu raundunda da belə bir məsələ irəli sürülməyib.

Bəqai deyib ki, İran və ABŞ arasında müzakirələrdə vasitəçi olaraq Oman kömək edə biləcəyini düşündüyü hər bir rəyi iki tərəflə koordinasiya edir:

"Aydın olan bir məsələ vardır ki, uranın zənginləşdirilməsi İranın dinc məqsədli nüvə enerjisi proqramının ayrılmaz hissəsi olaraq qorunacaq. Oman tərəfinin irəli sürdüyü təkliflərdə İranın qırmızı xətti nəzərə alınacaq.

Hələlik müzakirələrin növbəti raundunun zamanı və məkanı müəyyənləşməyib. Hər iki tərəf Omanla məsləhətləşmə aparmaqdadır. Oman tərəfi yekun nəticəyə gəldikdə, hər iki tərəfə öz rəyini elan edəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31