İran və ABŞ arasında nüvə danışıqları: Ummanın təklifləri Teh­randa qiymətləndirilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, Amerika Birləşmiş Ştatları ilə aparılan nüvə danışıqlarında İranın baş müzakirəçisi, İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, Roma şəhərində keçirilən son müzakirə raundunda Umman Xarici İşlər naziri tərəfindən təqdim edilən təkliflər hazırda Tehranda araşdırılır.

Əraqçi bu açıqlamanı bazar günü Tehranda Afrika Gününə həsr olunmuş mərasimdə çıxış etdikdən sonra jurnalistlərlə söhbətində verib. O qeyd edib ki, "son danışıqlar zamanı Umman tərəfi hazırda mövcud olan maneələrin aradan qaldırılması üçün müəyyən həll yolları təklif edib".

Əraqçinin sözlərinə görə, Umman Xarici İşlər naziri Səyyid Bədr Əl-Busaidinin vasitəçiliyi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffla ümumilikdə beş danışıqlar raundu keçirilib: üçü Müsqatda, ikisi isə Romada. Cümə günü Romada başa çatan danışıqlardan sonra Əraqçi qeyd edib ki, bu görüşlər apreldən bəri başlayan diplomatik prosesdə "ən peşəkar danışıqlardan biri" olub.

Üst səviyyəli bir iranlı diplomat isə bildirib ki, ABŞ tərəfi "indi mövqelərimizi daha yaxşı, daha aydın və daha dəqiq anlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31