Tramp Putini sərt tənqid etdi: “O, tamamilə dəli olub!”- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin barədə sərt bəyanat verib. Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket və dron hücumlarından sonra Tramp Putinin "tamamilə dəli olduğunu" bildirib.
Olaylar.az-ın  məlumatına görə, Tramp bu fikirləri şəxsi sosial platforması olan Truth Social-da yazıb:
"Mənim Vladimir Putinlə həmişə çox yaxşı münasibətlərim olub, amma onunla nəsə baş verib. O, tamamilə dəli olub! O, səbəbsiz yerə çoxlu insanları öldürür. Söhbət təkcə hərbçilərdən getmir. Raketlər və dronlar Ukraynadakı şəhərlərə heç bir əsas olmadan atılır. Mən həmişə deyirdim ki, Putin Ukraynanın bir hissəsini yox, tamamını istəyir. Bəlkə də bu, doğru çıxacaq. Amma əgər buna nail olsa, bu, Rusiyanın sonu olacaq," - deyə Tramp qeyd edib.
Eyni paylaşımda Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini də tənqid edib. Zelenski 25 may səhəri "Amerikanın və dünyanın digər hissələrinin susqunluğu Putini ruhlandırır" deyə bildirmişdi. Tramp isə bu açıqlamaya cavab olaraq yazıb: "Prezident Zelenski də öz ölkəsinə fayda vermir, bu cür danışmaqla. Onun ağzından çıxan hər söz problem yaradır. Bu mənə xoş deyil və yaxşı olar ki, dayansın."
CNN-in məlumatına görə, həmin paylaşmadan bir neçə saat əvvəl Tramp jurnalistlərə açıqlamasında da Putinin addımlarından narazı olduğunu bildirib: "Putinin etdiklərindən razı deyiləm. O, çoxlu insan öldürür."
ABŞ Prezidenti həmçinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiyini də vurğulayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, 25 may gecəsi Rusiya Ukraynaya qarşı 367 müxtəlif tipli raket və dron buraxıb. Hücumlar nəticəsində azı 12 nəfər, o cümlədən uşaqlar həyatını itirib, onlarla insan isə yaralanıb. 24 may gecəsi isə Rusiya Kiyev və digər regionlara hücum edib, bir nəfər ölüb, 15 nəfər yaralanıb. Həmin hücumda 15 ballistik raket və 250 dron istifadə olunub, onlardan 245-i zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31