ABŞ-nin qeyri-müəyyən mövqeyi İranla nüvə danışıqlarını çətinləşdirir- ÖZƏL

İran Xarici İşlər Nazirliyinin müavini Məcid Taxt-Rəvənçi bildirib ki, ABŞ-nin danışıqlardakı qeyri-sabit mövqeyi İranın nüvə proqramı ilə bağlı məsələlərin həllini çətinləşdirir.
Olaylar.az xəbər verir ki, Taxt-Rəvançi Almaniyanın Der Spiegel nəşrinə verdiyi müsahibədə qeyd edib ki, ABŞ tərəfi mövqeyini tez-tez dəyişir: "Amerikalıların danışıqlara yanaşması özünəməxsusdur. Prezident Tramp bəzən İranla razılaşma istədiyini deyir, bir-iki gün sonra isə İrana təhdidlər səsləndirir. Onlar qərar verməlidirlər: qarşıdurma istəyirlər, yoxsa razılaşma?"
Diplomatın sözlərinə görə, təxminən bir ay yarım əvvəl ABŞ İrana uranın zənginləşdirilməsini 3,67% səviyyəsində saxlamağı təklif edib. Lakin daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, İran ümumiyyətlə uranı zənginləşdirməkdən imtina etməlidir. Taxt-Rəvənçi isə bildirib ki, İran bu məsələni - yəni uranı zənginləşdirmədən tam imtinanı - müzakirə etməyə hazır deyil.
Cümə günü İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndələri ilə Tehranın nüvə proqramına dair qeyri-birbaşa danışıqlarda iştirak etmək üçün Romaya səfər edib. İran nümayəndə heyətinə nazir müavini Məcid Taxt-Rəvançi, hüquqi məsələlər üzrə müavin Kazim Qaribabadi və XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai daxil olub.
ABŞ və İran, Oman vasitəçiliyi ilə Tehranla bağlı nüvə proqramı üzrə fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə dörd raund danışıqlar keçiriblər. Birinci görüş 12 aprel tarixində Omanın paytaxtı Məsqətdə baş tutub. İkinci görüş 19 apreldə Romada, üçüncü və dördüncü raund isə 26 aprel və 11 may tarixlərində yenidən Məsqətdə keçirilib. İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Stiven Uitkoff rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31