Almaniya kansleri Mers Ukrayna üzrə atəşkəs səylərinə dəstək üçün Çin liderinə müraciət etdi- ÖZƏL
23 May 14:57 DünyaAlmaniyanın kansleri Fridrix Mers Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı aparıb. Danışıq zamanı Mers Ukraynada tezliklə atəşkəs rejiminin bərqərar olunması üçün göstərilən səylərə dəstək verməsini xahiş edib. Olaylar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius Berlin-də jurnalistlərə məlumat verib.
"Kansler və Çin sədri beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar," - deyə Kornelius bildirib. Onun sözlərinə görə, söhbət zamanı Ukrayna münaqişəsi də müzakirə olunub. "Kansler Avropa və ABŞ-nin tezliklə atəşkəsin əldə olunması istiqamətində göstərdiyi ortaq səylər barədə məlumat verərək bu təşəbbüslərə dəstək göstərməyə çağırıb," - deyə Kornelius qeyd edib.
Danışıq zamanı həmçinin qlobal çağırışların aradan qaldırılması istiqamətində birgə əməkdaşlığa hazırlıq və Almaniya ilə Çin arasında iqtisadi münasibətlərin əhəmiyyəti vurğulanıb. Mers ədalətli rəqabətin vacibliyinə də toxunub. Korneliusun sözlərinə görə, tərəflər Almaniya-Çin əməkdaşlığının inkişafı məqsədilə birbaşa dialoqu yaxın zamanda davam etdirmək barədə razılığa gəliblər.