Yaponiya İsraildən diplomatlara atəş açılmasına görə etiraz etdi- ÖZƏL
14:12 DünyaYaponiya Xarici İşlər Nazirliyi İsrailə rəsmi şəkildə kəskin etirazını bildirib. Etirazın səbəbi, İsrail hərbçilərinin Cənin şəhərində yerləşən fələstinli qaçqınlar düşərgəsinə baş çəkən xarici diplomatlara, o cümlədən yaponiyalılara atəş açmasıdır. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Takesi İvaya məlumat verib.
Nazir bu hadisəni "tamamilə qəbuledilməz" adlandıraraq, təəssüf hissi keçirdiklərini və belə insidentlərin təkrarlanmaması üçün İsrailin bütün zəruri tədbirləri görməli olduğunu bildirib. İvaya həmçinin qeyd edib ki, hadisə nəticəsində Yaponiya vətəndaşları arasında xəsarət alan olmayıb. Onun sözlərinə görə, İsrail tərəfi diplomatik kanallar vasitəsilə baş verənlərə görə təəssüfünü ifadə edib.
Qeyd edək ki, daha əvvəl Fələstinin WAFA agentliyi İsrail əsgərlərinin Qərb sahilində yerləşən Cəninə gəlmiş diplomatik nümayəndə heyətinə və onları müşayiət edən jurnalistlərə qarşı intensiv atəş açdığını bildirmişdi. Məlumata görə, nümayəndə heyətində Rusiya, Misir, İordaniya, Mərakeş və Avropa İttifaqı ölkələrindən diplomatlar olub.
İsrail ordusu isə öz növbəsində bəyan edib ki, nümayəndə heyətinə təsdiqlənmiş bir marşrut təqdim olunmuşdu, lakin onlar bu marşrutdan kənara çıxaraq döyüşlərin davam etdiyi zonaya daxil olublar. Ordunun açıqlamasına görə, əsgərlər ilkin olaraq xəbərdarlıq atəşi açıblar və hər hansı niyyətləri olmadan tədbir görüblər.