Tacikistan parlamenti üçtərəfli sərhəd razılaşmasını təsdiqlədi- ÖZƏL

Tacikistan parlamentinin aşağı palatası olan Məclisi nümayəndəgan, ölkənin Qırğızıstan və Özbəkistanla olan dövlət sərhədlərinin qovuşduğu nöqtəyə dair müqaviləni müzakirə edərək ratifikasiya edib. Olaylar.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətinə istinadla "Xovar" agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu il martın 31-də Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri - Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev Xucənd şəhərində keçirilən görüş zamanı dövlət sərhədlərinin kəsişmə nöqtəsinə dair müqavilə imzalayıblar. Bu sənədlə üç ölkə arasında sərhədlərin hüquqi baxımdan tam müəyyənləşdirilməsi başa çatdırılıb.
Tacikistan Prezidenti Emoməli Rəhmon bu razılaşmanı "tarixi sənəd" adlandırıb və bildirib ki, artıq bu sərhədlər "əbədi dostluğun, həqiqi qonşuluğun və yaradıcı tərəfdaşlığın sərhədləri" olacaq.
Xatırladaq ki, Sovet dövründə ittifaq respublikaları arasında sərhədlər yalnız inzibati xarakter daşıyırdı və onların dəqiq keçməsi hüquqi cəhətdən müəyyənləşdirilməmişdi. 1924-1929-cu illərdə Mərkəzi Asiyada aparılan milli-ərazi bölgüsündən sonra da Qırğızıstan, Tacikistan və Özbəkistanın sərhədləri hüquqi sənədlərlə tam tənzimlənməmişdi. Bu isə illər ərzində qonşu respublikalar arasında gərginlik mənbəyinə çevrilmişdi.
Tacikistanın Özbəkistanla sərhədinin uzunluğu 1 330 km-dən çox, Qırğızıstanla isə təqribən 980 km-dir. Qırğızıstanla Özbəkistan arasındakı sərhəd isə 1 380 km-ə qədər uzanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31