İran: ABŞ-nin yeni sanksiyaları diplomatik niyyətlərə şübhə yaradır – ÖZƏL
12:17 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İranla dolayısı danışıqların beşinci raundu ərəfəsində elan etdiyi yeni sanksiyalar Vaşinqtonun diplomatiya yolunda səmimi olub-olmamasını sual altına qoyur.
"Marko Rubionun rəhbərlik etdiyi Dövlət Departamenti, İran xalqına qarşı qeyri-qanuni və düşmən xarakterli tədbirlərlə dolu Amerikanın uzun tarixində yeni bir rəzillik mərhələsinə keçdi. Tikinti və mənzil sektoruna yönəlmiş bu qeyri-qanuni və qeyri-insani sanksiyalar həm qəbuledilməz, həm də qanunsuzdur," - deyə Bəqai X (keçmiş Twitter) hesabında yazıb.
O qeyd edib ki, ABŞ-nin İran xalqına qarşı tətbiq etdiyi çoxqatlı sanksiyalar onların əsas insan hüquqlarını əlindən almağa yönəlib və bu baxımdan bu tədbirlər insanlığa qarşı cinayətlərdən fərqlənmir.
"ABŞ-nin ardıcıl sanksiyaları xalqımızın inamını daha da möhkəmləndirir - yəni, ABŞ rəhbərliyi İranın inkişaf və tərəqqisinə əngəl olmaq üçün hər cür mənfi addıma hazırdır," - deyə Bəqai bildirib.
O vurğulayıb ki, bu cür sanksiyaların danışıqlar ərəfəsində elan edilməsi ABŞ-nin diplomatiyaya nə qədər ciddi yanaşdığını şübhə altına alır.
"Xalqımız bu cür əsassız düşmənçiliyə qarşı möhkəm dayanmağa qərarlıdır," - deyə Bəqai əlavə edib.